Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Tehsil.biz xatırladır ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.
Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər.
Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.
Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.
Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.