“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbir keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, əsas məqsədi bu kitab vasitəsilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması, onun geniş təbliği olan və birliyin könüllüləri, fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə kitabın Çin dilindəki nəşri təqdim olunub.
Əvvəlcə 44 günlük savaşda qazanılan Qələbə və kitabın ərsəyə gəlməsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, hər zaman verdiyi sözə əməl edən Prezident İlham Əliyev xalqına nəyi vəd edibsə, onu sonadək yerinə yetirib. Odur ki, gənclər də Prezidentin dediyi hər sözə sonadək inanmalı və hər zaman ona dəstək olmalıdırlar.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Azərbaycan tarixində konkret bir tarixi hadisə haqqında yazılan kitab qısa zamanda 7 dildə nəşr edilən ilk nəşrdir. Onun xüsusi əhəmiyyəti isə hadisələrin məhz hadisə iştirakçılarının dilindən nəql olunmasıdır. Kitabda şanlı Qələbənin qazanılmasının dövlətimizin başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində mümkün olduğu xüsusi vurğulanıb.
Gənclərin müzakirəsinə çıxarılan kitab nəinki respublikamızda, eyni zamanda, ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və Çin dillərində nəşr edilib. Hazırda kitabın urdu dilində tərcüməsi üzərində işlər davam edir.
Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad Qasımlı, Vətən müharibəsi qazisi Qadir Daşdəmirov, çinli tələbə Zhikai Cao və başqaları bildiriblər ki, kitabda Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri və ölkənin öz torpaqlarını işğaldan azad etmək istiqamətində həyata keçirdiyi işlərin geniş təhlili verilib. Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucuların diqqətinə çatdırılır.
Tədbir bədii hissə ilə davam edib.