Logo

BMU ilə “Marsol Group” arasında memorandum imzalanıb - FOTO

12.03.2024 15:11 225 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “Marsol Group” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə rektor Yaqub Piriyev müasir çağırışlar əsasında formalaşan sahibkar-universitet modelinin uğurlu tətbiqi, innovativ inkişaf strategiyasında yer alan qarşılıqlı münasibətlər, ali təhsilin dəyişən funksiyaları və transformasiya proseslərindən bəhs edib. Əmək bazarında yüksəkixtisaslı kadrlara duyulan ehtiyaca toxunan rektor bu baxımdan ali təhsil müəssisələri ilə iş adamları arasında səmərəli əməkdaşlığın labüdlüyünə diqqət çəkib.

Yaqub Piriyev BMU-da tədqiqat əsaslı yeni layihələrin gerçəkləşdirilməsi, sahibkar-universitet modelinin daha da inkişaf etdirilməsi üçün atılacaq addımları vurğulayıb və universitetin bunun üçün geniş potensiala malik olduğunu bildirib.

Rektor universitetdə tədris olunan ixtisaslar, nəzərdə tutulan yeniliklər barədə də qonaqları ətraflı məlumatlandırıb. Kadr hazırlığının vacib kompetensiyaları ilə yanaşı, tələbələrin sahibkarlarla görüşlərinin, müvafiq təlimlərin əhəmiyyətindən də danışan rektor “Marsol Group” ilə əməkdaşlığın səmərəli olacağına və sahibkarlıq ekosisteminə töhfə verəcəyinə ümid etdiyini söyləyib.

BMU ilə əlaqələrin qurulmasına göstərdikləri marağı önə çəkən “Marsol Group”un təsisçisi Tural Mustafayev də bu münasibətlərin qarşılıqlı fayda verəcəyinə inandığını deyib. Rəhbərlik etdiyi təşkilat haqda ətraflı məlumat verən qonaq bildirib ki, “Marsol Group” müxtəlif sektorlardan 480 sahibkarlıq subyektini birləşdirən “Business networking” platformasıdır. Bu platformada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, həmçinin bir sıra dövlət qurumları da təmsil olunur. Şirkətin əsas fəaliyyət sahəsi isə sahibkarlığın daha da inkişaf etməsi üçün biznes nəşrlərinin çapı, sosial fəaliyyətlər, tədbirlərin təşkilidir.

Görüşdə “Marsol Group”a daxil olan “Concrete Bureau” mühəndislik şirkətinin rəhbəri Bəxtiyar Əhmədov, “Unicons” MMC-nin rəhbəri Cahid Quliyev, “MADO Azərbaycan”ın rəhbəri Ramiz Kazımov, “Veliyev” şirkətinin rəhbəri Ceyhun Vəliyev, “Destec Group” şirkətinin rəhbəri Mürşüd Həmidov və başqaları çıxış edərək gələcək əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bildiriblər.

Sonra BMU-nun rektoru Yaqub Piriyev və “Marsol Group”un təsisçisi Tural Mustafayev əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Bildirilib ki, sənəd biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb olunması, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədi daşıyır. Bir çox əməkdaşlıq istiqamətlərini birləşdirən sənədə əsasən müvafiq şirkətlərdə tələbələr üçün təcrübənin təşkili, “Karyera günləri”nin keçirilməsi, tələbələrin tərəfdaş şirkətlərdə işlə təmin edilməsinə dəstək nəzərdə tutulur. Əməkdaşlıq birgə layihə və tədqiqatların reallaşdırılması, konfrans, təlim, ustad dərsləri və seminarların təşkili, şirkət nümayəndələrinin tədris prosesinə cəlbi kimi sahələri də ehtiva edir.

Xəbər lenti