Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) inkişafının hazırkı yeniləşmə mərhələsi müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə cavab verən loqotipinin - embleminin yenidən hazırlanması zərurətini yaradıb.
Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, bunu nəzərə alaraq AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında Akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan edilməsi ilə əlaqədar qərar qəbul edilib.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
- AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməlidir;
- AMEA-nın emblemində akademiya ilə bağlı tarixi binaların, qurğuların və digər əlamətlərin simvolik təsvirlərindən istifadə etməklə bu emblemin Azərbaycan Milli Elmlər Akademiyasına aid olduğu öz əksini tapmalıdır;
- AMEA-nın yeni embleminin təqdim olunan layihəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözlərinin yazılmasına ehtiyac yoxdur. Zəruri halda bu məqsədlə “AMEA” formatından istifadə edilə bilər;
- AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir;
- Təqdim edilən emblem – loqotipin eni 30 sm, uzunluğu 42 sm həcmində olmalıdır;
- Müsabiqədə yalnız akademiyada çalışıb, təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər;
- AMEA embleminin layihələri müsabiqə komissiyasının və ictimaiyyətin baxması məqsədilə təşkil ediləcək sərgidə nümayiş etdirmək üçün malbertin üzərində qoyulmaqla təqdim olunmalıdır;
- Təqdim edilmiş emblemlərin layihələrinin üzərində və ya arxasında müəlliflərin adı və soyadı qeyd edilməməlidir;
- Təqdim olunan loqotip dizaynının məntiqi izahı, forması, ölçüsü, rəngi, hərf seçimi və s. ilə bağlı əlavə məlumatlar da təqdim edilməlidir;
- Müsabiqə Komissiyası tərəfindən təqdim edilən loqotipin - emblemin dizaynına müəyyən yekun dəyişikliklər edilə bilər;
- Qalib işin müəllifi pul mükafatı ilə təltif ediləcək, ona müvafiq sertifikat veriləcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər martın 18-dək layihələrini təqdim edə bilərlər.