Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb.
"Tehsil.biz"in “Qaynarinfo"ya istinadən məlumatına görə, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla razılaşaraq, 700 manat qarşılığında evində baxıcı kimi işləyib. Arzu Ağayeva Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binada Elmiranın evində işlədiyi bir aya yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb. Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.