Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Elm və Təhsil Nazirliyi və ETN Geologiya və Geofizika İnstitutunun birgə təşkilatçılığı ilə akademik Akif Əlizadə ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində reallaşan görüşü giriş sözü ilə açan bu təhsil müəssisəsinin rektoru v.i.e., dosent Vazeh Əskərov görkəmli geoloq-alim, elm təşkilatçısı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin bu universitet ilə sıx əlaqəsindən söz açıb. V.Əskərov bildirib ki, ADNSU tələbələri qüdrətli alimin tövsiyələrini, həyat fəlsəfəsini illərdir ki, fəaliyyətlərində tətbiq edirlər. A.Əlizadənin elmi, təşkilatçılıq bacarığı gələcəyin mühəndis və geoloqlarını hazırlayan müəllimlər üçün də örnək olduğu heç də sirr deyil. Onun təkcə elmlə kifayətlənməyib poeziya, incəsənət sahəsində qazandığı bilik ehtiyatı da gənclər üçün əvəzsis örnəkdir.
Sonra akademik Akif Əlizadə ADNSU-nun iclas zalında “Mən günəşə inanıram, o şüalarını saçmasa belə” leytmotivi ilə çıxış edib. Akademik bir gənc elm həvəskarı və ictimai fəal kimi hələ 70 il əvvəl təhsilin həyəcanlı anlarından, ictimai işlərindən, həmkarları ilə birgə fəaliyyətindən, sevimli müəllimlərinin təmənnasız qayğılarından, onların hami-tərbiyəçi kimi mənəvi üstünlüklərindən danışıb. A.Əlizadə 1951-1956-cı illər ərzində bu ali məktəbdə aldığı təhsilin üstünlüklərindən, heç vaxt unutmayacağı müəllim-tələbə ünsiyyətindən söz açaraq diqqətə çatdırıb ki, tədris onun həyatında təkcə elm öyrənməklə bitməyib, həm də bir həyat məktəbi rolunu oynayıb.
Natiq Azərbaycan Sənaye İnstitutunun rektorları, tələbələrə daim diqqət və qayğı göstərmiş professor və müəlim heyətinin hər biri haqqında təsirli faktlar gətirib. Bu sırada məşhur alimlərdən Musa Əliyevi, Saleh Qocayevi, İsmayıl İbrahimovu, Tofiq Əliyevi, Pərviz Məmmədovu, Siyavuş Qarayevi və digər müəllimləri hörmətlə xatırlayaraq onların bugünkü gənclərə nümunə ola biləcək xüsusiyyətlərindən söz açıb. Akademik deyib: “Bütün ittifaqda “AZİİ” kimi məşhur - hazırkı ADNSU bu gün də qiymətli titulunu saxlamaqdadır. Bu halal şöhrəti daim qorumaq tələbələrin də borcudur. Unutmaq olmaz ki, bilik uğrunda mübarizəyə heç vaxt fasilə vermək olmaz. Amma qloballaşan dünyada düşüncəmiz də qlobal miqyasda olmalıdır”.
Sonra auditoriyanın əksəriyyətini təşkil edən tələbələr çoxsaylı suallarını səsləndiriblər. Akademik Akif Əlizadə Xəzərin ekologiyası, Azərbaycan elmini xarici ölkələrdə təmsil edəcək alimlər nəsli, süni intellekt və geologiya elmi barədə və s. sulları həvəslə cavablandırıb. Alim “Tibb sahəsinə, poeziyaya marağınız haradan qaynaqlanır? Geoloqların söhbətləri niyə həmişə orijinallığı ilə seçilir və maraqlı olur?” kimi suallara da aydınlıq gətirib.
Daha sonra akademik Akif Əlizadənin 90 illik yubileyi şərəfinə SOCAR-ın vitse-prezidenti Arzu Cavadovanın “Elm üçün döyünən ürək”, ADNSU Geoloji kəşfiyyat fakültəsi Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının dosenti Ağamehdi Ağayevin “Təbiətin arxitekturları” mövzusunda mühazirələri dinlənilib. Geoloji-kəşfiyyat fakültəsinin Geofizika kafedrasının professoru Tofiq Əhmədovun A.Əlizadə haqqında xatirələri böyük maraqla qarşılanıb.
Geoloji-kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayevin “Geoloji-kəşfiyyat fakültəsinin tələbəliyindən akademikliyə yüksələn yol” mövzusunda təqdimatı ilə çıxışlar yekunlaşıb və A.Əlizadəyə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Ardınca ADNSU-nun rektoru v.i.e., dosent Vazeh Əskərov ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadəyə universitet adından xatirə hədiyyəsi təqdim edib.
Tədbirin sonunda akademik Akif Əlizadə görüşün təşkilatçılarına və tədbir iştirakçılarına minnətdarlığını bildirib.