Logo

BDU-nun Hüquq fakültəsi Avropa Hüquq Fakültələri Assosiasiyasına tamhüquqlu üzv seçilib

13.03.2024 16:19 214 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Avropa Hüquq Fakültələri Assosiasiyasının (European Law Faculties Association - ELFA) İdarə Heyəti tərəfindən qurumun tamhüquqlu üzv seçilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Hüquq fakültəsi Azərbaycanda ELFA-nın tamhüquqlu üzvü olan ilk fakültədir. Üzvlük çərçivəsində BDU-nun Hüquq fakültəsi Assosiasiyanın konfranslarında, görüşlərində, illik forumlarında təmsil olunacaq.

ELFA 1995-ci ildə Belçikanın Löven şəhərində Avropanın müxtəlif universitetlərində yerləşən 80-dən çox Hüquq məktəbləri və fakültələri tərəfindən təsis edilib. Hazırda təşkilatın 200-dən çox üzvü var. Avropanın nüfuzlu universitetlərinin (Leyden Universiteti, Maastrixt Universiteti, Rotterdam Erasmus Universiteti, Lund Universiteti, Barselona Universiteti, Strasburq Universiteti, Sürix Universiteti, Edinburq Universiteti, Şeffild Universiteti, Koç Universiteti, Vyana Universiteti, Kopenhagen Universiteti və s.) hüquq məktəbləri və fakültələri bu təşkilatın üzvüdür. ELFA hüquq təhsili ilə bağlı mövzuların müzakirəsi üçün beynəlxalq forum kimi fəaliyyət göstərir, Avropada və beynəlxalq səviyyədə dövlət təsisatları və təhsil qurumları ilə danışıqlar aparır, əməkdaşlıq müqavilələri imzalayır. Hazırda təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri Avropa məkanında hüquq təhsili sahəsində islahatların aparılmasıdır.

BDU-nun Hüquq fakültəsinin ELFA kimi nüfuzlu təşkilata üzv qəbul edilməsi onun Avropa məkanında qabaqcıl fakültə kimi tanınmasının göstəricisidir.

Xəbər lenti