Logo

Polis Akademiyasında bu qayda TƏSDİQLƏNDİ

13.03.2024 18:56 333 baxış
IMG

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması Qaydası təsdiqlənib.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında ali təhsilin bakalavriat səviyyəsinə əyani təhsilalma formasında qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə bu şəxslərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Akademiyada onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.

Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərclər birbaşa və dolayı xərclər olmaqla aşağıdakılardan ibarətdir:

- birbaşa xərclər:

-rütbə maaşının məbləği;

- rütbə maaşı üzrə Akademiya tərəfindən aidiyyəti üzrə ödənilən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və digər icbari ödənişlərin məbləği;

- tələbə təqaüdlərinin məbləği;

- ərzaq təminatı xərcləri;

- xüsusi geyim forması xərcləri;

- yataq və yumşaq inventar xərcləri;

- dolayı xərclər:

- bir kursant üzrə müəllimlərin əməyin ödənişi xərcləri və digər müavinətlər;

- digər dolayı xərclər (dəftərxana və təsərrüfat, mətbəə, kommunal, telekommunikasiya və poçt rabitəsi, istehlakyönümlü müxtəlif xidmətlərin, maşın və avadanlıqların alınması xərcləri).

Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərc hər tədris ili bakalavrın hazırlanmasına çəkilmiş xərclərin məcmusunu təşkil edir:

ƏÖX = ÇX1 + ÇX2 + ÇX3 + ÇX4

burada:

ƏÖX – əvəzi ödənilməli xərc;

ÇX – çəkilmiş xərc (tədris illəri üzrə).

Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş xərclər bu Qayda ilə müəyyən edilmiş xərc istiqamətləri üzrə hər ilin sentyabr ayında ötən tədris ili üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş xərc kalkulyasiyası əsasında müəyyən edilir. Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması bilavasitə həmin şəxsin təhsil aldığı illər üzrə bu Qaydaya əsasən təsdiq edilmiş xərc kalkulyasiyası əsasında aşağıdakı düstur üzrə aparılır:

ÇX = RMX + İÖX + TTX + (ƏTX+XGFX+YYİX)/BKS + (MƏÖXDM+DDX)/TAS x Ə

burada:

ÇX – çəkilmiş xərc;

RMX – rütbə maaşı xərci;

İÖX – rütbə maaşı üzrə Akademiya tərəfindən aidiyyəti üzrə

ödənilən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və digər icbari ödənişlərin məbləği;

TTX – tələbə təqaüdlərinin məbləği; ƏTX – ərzaq təminatı xərci;

XGFX – xüsusi geyim forması xərci; YYİX – yataq və yumşaq inventar xərcləri;

MƏÖXDM – müəllimlərin əməyin ödənişi xərcləri və digər müavinətlər;

DDX – digər dolayı xərclər;

BKS – bakalavr təhsili alan kursantların sayı; TAS – təhsil alanların cəmi sayı;

Ə – əmsal. Ə = bakalavr təhsili üzrə müəllimlərin akademik saatlarının miqdarı / müəllimlərin akademik saatlarının cəmi miqdarı.

Ötən tədris ili üzrə xərclərin hesablanmasında tədris ilinə düşən aylar üzrə müvafiq illərin büdcə göstəriciləri və faktiki xərclər əsas götürülür.

Əsasnamədə göstərilən şəxs təhsilini başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəmədiyi halda, yaxud təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxdıqda həmin şəxsə xidmətin sonuncu günü 30 (otuz) gün müddətində onun hazırlanmasına çəkilmiş xərclərin ödənilməsi öhdəliyi barədə yazılı bildiriş təqdim olunur.

Yazılı bildirişdə tutulmalı olan xərclərin tərkibi və məbləği, habelə bu məbləğin ödənilməsi üçün xəzinə (bank) hesabının nömrəsi göstərilməlidir.

Xəbər lenti