Litvanın, ümumilikdə Baltikyanı ölkələrin ən nüfuzlu ali təhsil ocaqlarından olan Vilnius Gediminas Texniki Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin Baş meneceri Viktorija Pliuskiene və Biznes fakültəsinin professoru Jolanta Nalivaike ilə Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri arasında görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
Görüş BMU-nun Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Xanım Pliuskiene tələbələrə Vilnius Gediminas Texniki Universiteti, tədris olunan ixtisaslar, yataqxana, təqaüd proqramları, tələbə həyatı, viza və yaşayış icazəsi, həmçinin qəbul şərtləri haqqında geniş məlumat verib.
Sonra xanım Nalivaike Biznes fakültəsində tədris olunan fənnlər, iş imkanları, fakültə mühiti haqqında tələbələri məlumatlandırıb.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Sonda qonaqlar BMU-nun laboratoriya və Texnoparkı ilə tanış olublar.