Azərbaycan Dillər Universiteti (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifbası, imlası və ünsiyyət dili” kitabı Özbəkistanda çap olunub.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, türkoloqlar, dilçi alimlər, filologiya fakültəsinin bakalavr, magistrant və doktorantları üçün nəzərdə tutulan monoqrafiya Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin və Nazirlər Kabineti yanında Dövlət Dilini Təkmilləşdirmə Mərkəzinin elmi-metodik şurasının 2023-cü il 23 oktyabr tarixli qərarı ilə çapa tövsiyə edilib.
Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX əsrin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Türklər arasında ortaq ünsiyyət dilinin formalaşdırılması istiqamətində əlifba və orfoqrafiya problemləri elmi-nəzəri aspektdə tədqiq olunub. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, ortaq ünsiyyət dili üçün imla məsələlərinin yenidən aktuallaşması kimi məsələlər öz əksini tapıb. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda çap olunan bu araşdırma problemlər və perspektivləri aydın şəkildə ortaya qoyması baxımından son dərəcə əhəmiyyətlidir.