Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin Avtomatika, telekommunikasiya və energetika kafedrasının yaranmasının 5 illiyinə həsr olunan ilk elmi-praktik konfransı öz işinə başlayıb.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, həmin kafedranın müdiri professor Ramiz Hümbətov açılış nitqi ilə çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb və gənc iştirakçılara uğurlar arzulayıb.
Elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov universitetin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Belə bir konfransın keçirilməsinin önəmindən bəhs edən prorektor ali təhsil ocağında mühəndislik ixtisaslarının üstünlük təşkil etdiyini deyib, gənc alimlərin bu sahə üzrə yeni ixtiralar edəcəyinə, elmi məqalələr yazacağına inamını ifadə edib. Prorektor konfransın tələbələrin fərdi inkişafı, gələcək karyeralarının qurulması baxımından roluna da diqqət çəkib.
Universitetin Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev Avtomatika, telekommunikasiya və energetika kafedrasının son 5 ildə qazandığı nailiyyətləri nəzərə çatdırıb. Həyata keçirilən tədqiqat layihələrindən, aparılan elmi araşdırmalardan ətraflı danışan dekan gənc alimlərin yetişdirilməsi üçün atılan addımları da vurğulayıb və konfransın bu işə töhfə verəcəyinə inandığını deyib.
Elektrik və elektronika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Rəşad Əliyev isə konfransda müzakirə olunacaq aktual mövzulardan bəhs edib.
Sonra konfransda tələbələrin Avtomatika, telekommunikasiya və energetika kafedrasının müəllimlərinin elmi rəhbərliyi ilə hazırlanan məruzələrinin təqdimatına başlanılıb.
İki gün davam edəcək konfrans “Energetika”, “Radiotexnika və telekommunikasiya”, “Avtomatika, telekommunikasiya və energetika” bölmələrini əhatə edəcək və mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin müxtəlif mövzularda elmi məruzələri dinləniləcək. Eyni zamanda, tələbələrin hazırladıqları yeni qurğular barədə məlumat veriləcək.