Logo

Naxçıvanda Beynəlxalq Poeziya Günü qeyd edilib - FOTO

15.03.2024 20:07 136 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 21 mart -Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, qələm sahibləri və poeziya həvəskarlarının qatıldığı tədbirdə əvvəlcə nazirlik Aparatının baş məsləhətçisi Aygün Heydərli çıxış edib. Vurğulanıb ki, artıq 25 ildir bütün dünyada qeyd olunan bu günün tarixi 1997-ci ildə Türkiyənin tanınmış mədəniyyət xadimi, şair Tarik Günerselin Beynəlxalq Poeziya Gününün qeyd olunması barədə təklif irəli sürməsi ilə başlayıb. 1999-cu ildə UNESCO-nun 30-cu iclasında hər il martın 21-i Beynəlxalq Poeziya Günü elan olunub. Azərbaycanda əlamətdar gün 2007-ci ildən qeyd edilməkdədir.

Vurğulanıb ki, “Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir”, – deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına, təbliğinə, dünyada tanıdılmasına çalışıb, qələm sahiblərini himayə edib, əsərlərinin çap edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, fəxri ad və titullarla mükafatlandırılmasına çox həssaslıqla yanaşıb. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla onlarla görkəmli şair və yazıçının yubileyləri dövlət səviyyəsində qeyd edilir, əsərləri çap və təbliğ olunur.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev dünyanın, eləcə də ölkəmizin tanınmış şairlərini yada salıb, onların yaradıcılığından nümunələr səsləndirib, ədəbiyyatımızın inkişaf mərhələləri haqqında fikirlər söyləyib.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova diqqətə çatdırıb ki, bu günün qeyd edilməsinin məqsədi milli, regional və beynəlxalq poetik hərəkata yeni təkan verməkdir.

Sonra qələm sahibləri şeirlər söyləyib.

Tədbir sərgiyə baxışla başa çatıb.

Xəbər lenti