Logo

"İndiki dövrdə Azərbaycan–Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir"

17.03.2024 22:04 407 baxış
IMG

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə dövlət səfərinə gəlib. Daha sonra Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub. Həmin gün iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclası keçirilib. Sonda Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını bildirib. Ölkə rəhbəri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini diqqətə çatdırıb.

Hər iki ölkə son illərdə bütün region üçün mühüm önəm daşıyan bir sıra layihələrin icrasına fəal qoşulub. Məsələn, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünün reallaşdırılması istiqamətindəki təşəbbüslərin diqqət mərkəzində saxlanılması nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır. Bu mərhələnin əsası isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ildə Azərbaycana rəsmi səfərinin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”sinin qəbul edilməsi ilə başlayır. İndiki dövrdə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli layihələr gerçəkləşdirilir.

Günay Məhərrəmova

ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Xəbər lenti