Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində “Kitabxanalar və elmi kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının doktorantı Yusif Əsədullayev mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı əvvəlcə elmi kommunikasiya sisteminin tərifini verib, bu mühiti elmi biliklərin formalaşdığı və yayıldığı informasiya məkanı kimi xarakterizə edib. Bildirib ki, elmi kommunikasiyanın əsasını onun iştirakçılarının peşəkar ünsiyyəti, intensiv informasiya mübadiləsi təşkil edir: “Bu prosesdə kitabxanalar mühüm rola malikdir. Kitabxanalar bu sistemin vacib elementi kimi çıxış edir, elmi kommunikasiya mühitində sənəd axınının hərəkətini və ondan istifadənin istiqamətlərini müəyyənləşdirir, bütövlükdə prosesi yönləndirir”.
Məruzədə informasiya texnologiyalarının geniş imkanlarının bu prosesə təsiri araşdırılıb, elektron nəşrlər sistemi barədə mühüm anlayışlar şərh olunub. Müasir şəraitdə kitabxanaların qarşısında duran əsas vəzifə kimi etibarlı və keyfiyyətli elmi biliklərin əlçatanlığının təmin olunması xüsusi vurğulanıb. Doktorant həmçinin bu sahə üzrə beynəlxalq təcrübəni tədqiqata cəlb edib, qlobal informasiya məkanına inteqrasiya baxımından kitabxanaların rolunu araşdırıb. Elmi informasiyanın qloballaşması prosesində kitabxana-informasiya fəaliyyətinin prioritet istiqamətlərini təhlil edib.
Elmi seminar müzakirələrlə davam etdirilib.