Milli bayram - xalqın minillərdən bəri gələn ənənəsinin, yaşam tərzinin özülündə yaranır, oturuşur, var olur. Bayram yaradıcılığı - xalqın özünəməxsusluğunun təsdiqidir.
Ümumən Şərqi mahiyyət kəsb edən Novruz bayramının türk ruhundan gələn, sırf Azərbaycan mahiyyətini ifadə edən bənzərsiz yönü var. Bu yön bütövlükdə Şərqi ifadə edən muğam sənətində “Azərbaycan muğamı” anlayışı, gerçəkliyi qədər özünəməxsus, bənzərsizdir. Novruz bayramı hələ bundan sonra mahiyyət üstə geniş araşdırma tələb edən, Azərbaycan ruhunun çalarlarının daha geniş araşdırılmalı olduğu genişspektrli bir mövzudur.
İlk növbədə Novruz bayramı - milli ənənənin simvoludur. Ənənə xalqın dayanıqlı mədəniyyətinin, yaşamının bənzərsiz cəhətlərini aşkara çıxarır, təsdiq edir. Xalqın bayram yaradıcılığı minillərdən bəri davam edən ulusallığı nəinki təsdiq etməlidir, habelə bundan sonrakı üfüqlər üçün də ciddi zəmin yaratmalıdır. Bu mənada Novruz bayramı bizim üçün belə bir yaradıcılıq imkanı verir.
Ta qədimdən türk düşüncəsində yazın gəlişi təbiətin dirilməsinin, yenilənməsinin rəmzi olub. Ümumiyyətlə, təbiətə ilahi səviyyədə yanaşma əcdadlarımızın ruhunda yaradıcı bir keyfiyyətdir ki, bu gün də yaşayır. Dünyanın bir çox xalqlarının mədəniyyət kompleksində yazın gəlişi ilə bağlı gözəl düşüncələr var. Ayrıca olaraq Şərq düşüncəsində Novruz bayramı ilə bağlı zəngin, maraqlı yanaşmalar - adət-ənənələr olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir. Bayramda milli ruhumuzun, qədimliyimizin soraqları yaşayır. Minillər öncə babalarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız ömründə yaradıb, yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb.
Xalqımız minillərdən bəri ağlında yaşatdığı, yaşamına gətirdiyi bütün gözəl duyğularını həmişə Novruzla bağlayıb, mənalandırıb. Ona görə ki, bayramın başlanğıcı - yaranışı ifadə etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan birliyinin bənzərsiz ifadəsi kimi anlaşılıb.
Baharın gəlişi, havanın istiləşməsi, qarın əriməsi, ümumən təbiətin canlanması əcdadlarımıza da dərin təsir edib, dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olub. İnanca görə, Novruz bayramında kədərlənmək, qəmlənmək, qüssə çəkmək, qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz, əks halda insan bütün il boyu bu durumda qalar.
Əcdadlarımızdan gələn düşüncə tarixən ruhumuzun özünəgüvənliyini, yenilməz nikbinliyini yaradıb. Xalq bayramı o dərəcədə ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb, inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin özülünə çevirib, öz davranışlarını bayram kuralları ilə nizamlayıb. Bu, yalnız xalqımızın ruhunun ifadəsi olan, heç bir xalqda rast gəlinməyən davranışlar sisteminin bayram-mərasim kompleksindən güc alması demək olub.
Azərbaycan mədəniyyəti tarixində Novruz bayramı əbədiyaşar, tarixi və çağdaş bir mənəvi abidə olaraq diqqəti çəkir. Bu bayram mənəvi mədəniyyət abidəsi olaraq milli mədəniyyət tariximizdəki başqa abidələrdən özünəxas cəhətlərinə görə fərqlənir.
Novruz ərəfəsində hər bir evdə aparılan təmizlik işləri yenilənmə ilə bağlıdır. Yəni ki, bayramda təkcə ilin təzələnməsi yox, bütünlükdə köhnə ili yaşamış hər kəsin, hər şeyin təzələnməsi inancı var.
Novruzdakı oyunlar mahiyyətcə əyləncəviliyə köklənsə də, həm də bayramdan gələn müəyyən qənaətlərin ilk növbədə uşaqların ağlında oturuşmasına, yaddaş tərbiyəsinə xidmət edir. Azərbaycanda Novruz bayramı özünəməxsus zəngin mətbəx mədəniyyəti sistemi ilə də diqqəti çəkir.
Novruz bayramı milli ruhumuzu təsdiq etdiyi dərəcədə bəşəriliyimizi də təsdiq edir, ona görə bizə belə doğmadır.
Bu gün Azərbaycanla yanaşı Türkiyədə, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Qıtrğızıstanda, Güney Azərbaycanda (İran), Uyğurstanda (Çin), Altayda, Yakutiyada (Rusiya) və b. keçirilən Novruzun adında, keçirilmə qaydasında müəyyən fərqlər olsa da, mahiyyət birdir: təbiətin yenilənməsi ilə insanın da həyatı, düşüncəsi yenilənir. Od motivi demək olar, hamısında aparıcıdır. Novruz düşüncəsi türk xalqlarının mətbəx mədəniyyətinə də ciddi təsir edib, izlərini ciddi şəkildə yaşatmaqdadır. Bugünümüzdə, habelə sabahımızda Novruz düşüncəsinin inkişaf etdirilməsi yeni, yaradıcı düşüncənin, mənəvi birliyimizin yaranması, inkişafı deməkdir.
Elçin Qaliboğlu,
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent