Nobel Sülh mükafatçısı Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Yunus Sosial Biznes Mərkəzinin açılışında iştirak edən Nobel mükafatçısı burada yaradılan şəraitlə tanış olub.
Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.
UNEC-in rektoru Ədalət Muradov Mərkəzin yaradılmasının məqsədi və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, mərkəz tələbələr arasında sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılıb. Mərkəzdə Azərbaycanda və regionda sosial biznes ideyasının inkişafını dəstəkləmək üçün akademik görüşlər, seminarlar keçiriləcək və tədqiqatlar aparılacaq. Eyni zamanda, tələbə mübadilə proqramları, akademik debatlar, təcrübə proqramları, eləcə də könüllü fəaliyyətlər həyata keçiriləcək.
Görüşdə iştirak edən AMEA prezidenti akademik İsa Həbibbəyli Azərbaycanda elm və təhsil üzrə beynəlxalq əlaqələrdən danışıb. UNEC-in bu istiqamətdə böyük uğurlar qazandığını diqqətə çatdıran AMEA rəhbəri ali təhsil müəssisəsində Yunus Sosial Biznes Mərkəzinin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus 2016-cı ildə UNEC-ə gəldiyini qeyd edərək, yenidən burada olmaqdan məmnunluğunu ifadə edib, sosial biznes sahəsində bacarıqlı tədqiqatçıların yetişməsinin əhəmiyyətini vurğulayıb. O, Yunus Sosial Biznes Mərkəzinin bu istiqamətdə tələbə gənclərə böyük stimul verəcəyini vurğulayıb. M.Yunus Mərkəzdə ilk mühazirəsini də sosial biznes sahəsinin qarşısında duran problemlərə həsr edib.
Sonda suallar cavablandırılıb.
Açılış mərasimində Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, UNEC-in rəhbər heyəti və əməkdaşları iştirak ediblər.