Kulis.az Ağaddin Babayevin "60 yaşlı əsgər atası" yazısını təqdim edir
“Əsgər atası” bədii filmi 1964-cü ildə rejissor Rezo Çxeidze tərəfindən Suliko Jgentinin ssenarisi əsasında lentə alınıb. Xeyirxahlıq motivləri üzərində köklənmiş filmin süjet xəttini çoxlu sayda hikmət və insanlıq duyğuları təşkil edir.
“Əsgər atası” cəbhədə yaralanmış oğlunu görmək üçün uzaq xəstəxanaya gedən qoca gürcünün həyat hekayəsidir. Bu adam bütün ömrünü torpaqda keçirib və heç vaxt doğma kəndindən kənara çıxmayıb, taleyin hökmü ilə indi o, cəbhə xəttinə doğru getməlidir.
Əsgər atası heç nədən, heç kimdən qorxmur... onun ürəyi açıqdır, sadəlövh, mehriban baxışlı uşaq kimidir... amma görünüşü ilə daha çox nağıllardakı ayını xatırladır. Qarşılaşdığı hər kəsdən oğlunu görüb-tanımadığını soruşur. Əsgərlər isə əl-ayağa dolaşmamaq, onlara mane olmamaq üçün qocanı evinə qaytarmağa cəhd göstərirlər. Amma əsgər atası onların bu hərəkətinə təəccüblənir və hətta inciyir... axı bu, müharibədir...
"Qulaq as, əzizim, müharibə olanda nə olar... əsgər atası ki, öz oğlunu axtarır...". “Bilirsiz, mənim oğlum çox yaraşıqlı və ucaboylu bir oğlandır. Soyadı Maxaraşvilidir”.
Bir az ekssentrik, mehriban, güclü, rəğbətli, hər an kömək etməyə qadir olan bu insan obrazını dahi aktyor Serqo Zakariadze yaradıb. Əsgərlər onu elə belə də çağırırdılar: “Ata!” Və əslində, müharibə illərində öz şəxsi nümunəsi, insanpərvərliyi, uğura inamı ilə o, hər bir əsgər üçün sözün həqiqi mənasında onun atasını əvəz edirdi!
Georgi ruhunun heç bir şeylə ləkələnməyin mümkün olmayacağı insanlardan idi: nə ölüm, nə nifrət, nə də alçaqlıq ona yaxın dura bilmirdi... Əsgərlər Georgini sevirdilər, ona görə ki, o, onlara atalarını çox xatırladırdı.
Georgi hərbçi deyildi, amma müharibə istisnasız olduğu üçün o da müharibənin odlu-alovlu səngərlərindən keçərək, oğlunun izini axtarırdı. Georgi çox şeyi görüb müşahidə etsə də, dözməli olur, özü də əsgər kmi döyüşürdü. Uzun axtarışlardan sonra yalnız müharibənin son günlərində o, oğlunu tapa bilir.Təəssüf ki, bu görüş ata-oğul üçün sonuncu olur.
Filmin ssenari müəllifi Suliko Jgenti də Böyük Vətən müharibəsi illərində könüllü olaraq cəbhəyə yollanmış, amfibiya birləşmələrində xidmət etmiş, Georgi Maxaraşvili kimi o da yaralanaraq hospitalda müalicə olunmuş və burada yatdığı zaman atası ona baş çəkmişdi.
"Əsgər atası" filminin baş qəhrəmanının prototipi Suliko ilə birlikdə xidmət etmişdi. "Gecə gəzintisi zamanı pulemyot daşıyırdıq və o da bizə kömək edirdi,"- deyə ssenarist xatırlayırdı. Hətta filmdəki bir epizod - Maxaraşvilinin torpağa göz yetirib, “indi şum vaxtıdır, əkin vaxtıdır” deməsi də müharibə zamanı olub. "Bahardır, yuxudan oyanıb görürəm ki, qocamız süngü ilə yeri şumlayır, daha sonra torpağa taxıl səpir",- deyə Jgenti yazırdı.
Maxaraşvili gənc əsgərlərə yazığı gəldiyindən avtomatı onların əlindən alıb bir neçə kilometr çiynində daşıyırdı. O, divizionda hamının sevimlisi idi. Əsgərlər üçün onların qoca atalarını əvəz edirdi. Bəzən də elə olurdu ki, o, dünənki oğlanları güllələrdən qoruyurdu. Ssenari müəllifi filmdə baş qəhrəmanın əsl adını - Georgi Maxaraşvilini olduğu kimi saxlamışdı.
Ssenari müəllifi 1942-ci ilin yazında Novorossiysk yaxınlığındakı qazmada yatmış əsgərlərin gürcü melodiyasının sədaları ilə necə oyandığını isə belə xatırlayır: "Georgi Maxaraşvili mahnı oxuyur, yeri süngü ilə boşaldaraq, buğda səpirdi".
Əsgərlər təəccüblə bir-birinə baxırdılar. “Bahar gəlir, yaz gəlir...” deyən qoca heç kimin fərqinə varmadan oxuyurdu. Georgi 16 yaşında könüllü olaraq cəbhəyə gedən Suliko Jgentinin özü ilə də maraqlanmşdı. Oğlunun xəstəxanada olması xəbərini alan Sulikonun atası ona baş çəkməyə getsə də də, oğlunu xəstəxanada tapmamışdı. Bu gerçək hekayə filmin ssenarisinin əsasını təşkil etmişdi.
Kinorejissor Rezo Çxeidzenin yazdığına görə, filmdə baş rola yeganə namizəd Serqo Zakariadze idi. Rejissorla görüş zamanı Serqo artıq Gürcüstanda çox məşhur aktyor kimi tanınırdı. O, səhnədə Kral Lir, Şah Edip kimi böyük faciəvi rollar oynamışdı. Serqo Zakariadzenin oynunu izləmək üçün Sovet İttifaqının hər yerindən insanlar Gürcüstana gəlirdi.
"Mən Suliko Jgentinin "Əsgər atası" filminin süjet xəttinin əsasını təşkil edən povestini oxuyandan dərhal sonra Zakariadzenin görüşünə getdim, çünki başa düşmüşdüm ki, bu rolun öhdəsindən Maxaraşvilidən savayı başqa heç kəs gələ bilməz",- Rezo Çxeidze xatirələrində yazırdı. - "Sənətkarı qrim otağında tapdım. Serqo Aleksandroviç onun obrazını yaşamağa mane olmağıma dözə bilməsə də, istər-istəməz mənə povesti oxumağa icazə verdi.
Georginin Berlinə çatdığı və orada ölən oğlu ilə görüşdüyü hissəni oxuyarkən Zakariadze acı-acı ağlamağa başladı. Göz yaşları aktyorun bütün makiyajını sifətindən yuyub-aparmışdı. Mən ona təsəlli vermək üçün nə deyəcəyimi bilmirdim. Serqonun söylədiklərini isə yəqin ki, ömrüm boyu unutmayacağam: "Həqiqətən, bu böyük rolu oynaya biləcək qədər xoşbəxt bir insan olacağammı?".
Filmin çəkilişləri zamanı Serqo gözlənildiyindən də artıq qeyri-adi məsuliyyət daşıyırdı. Səhər yerindən ilk duran və makiyajını ilk çəkən də məhz o idi. Maxaraşvili hamıdan əvvəl çəkilişlərə getmək üçün elə kostyumdaca yatırdı. Hərbi döyüşlər aktyorların yaşadığı oteldən uzaqda lentə alınırdı. Amma artıq səhər saat 6.00-da Maxaraşvili avtobusda sürücünün yanındakı birinci oturacaqda əyləşib çəkiliş qrupunun qalan hissəsini gözləyirdi”.
Rezo Çxeidzenin fikrincə, “Əsgər atası” filmi haqqında yazılmış ən yaxşı rəy rejissorun Sevastopoldan aldığı məktub olub. Bir gənc oğlan oğurluq etdiyini etiraf etmək üçün polisə gəlir. Ondan niyə bu addımı atdığını soruşduqda:- “İndicə “Əsgər atası” filminə baxdım və bu dünyada namusla yaşamağa qərar verdim”, - cavab verib.
Filmin premyerası Tbilisidəki Pionerlər Sarayında olub.
Tamaşaçıların personajlara necə rəğbət bəslədiyini görən çəkiliş qrupu başa düşüb ki, film uğurlu alınıb.
Film ilk dəfə 9 may 1965-ci ildə geniş ekranda nümayiş etdirilib. Finalda Georginin ölümcül yaralanmış Qoderdzini qucağına alaraq: “Nə tez böyüdün, oğlum! Gör nə boyda olmusan! İndi anana nə deyəcəyəm?"-söyləməsindən sonra bütün zal acı-acı ağlayırdı. Film təkcə Sovet İttifaqında deyil, xarici ölkəlrdə də böyük uğur qazanıb və Kapitol Yupiter Mükafatı da daxil olmaqla bir neçə mükafata layiq görülüb.
Rezo Çxeidze yazır: “Biz bir neçə kino qəhrəmanına abidə ucaltmışıq. Kaxetiyada baş qəhrəmanımız olan əsgər Maxaraşvilinin atası üçün ucaldılmış nəhəng abidə hələ də yerindədir. Bu, 20-ci əsrin dəhşətli müharibəsində qalib gəlmiş bütün kişilərin, qadınların, qocaların, uşaqların xatirəsi şərəfinə ucaldılmış abidədir. Heykəlin qoyulduğu kəndin 300 nəfər sakini Böyük Vətən müharibəsindən qayıtmayıb”.
Amma sadə bir kaxet üzümçüsü, misdən tökülmüş müdrik qoca isə həmişəlik öz doğma yurduna qayıtmışdı. O, mərhum oğlunun plaşını və dəbilqəsini əlində saxlayır. 15 metrlik nəhəngin ətəyində dörd qala yer alıb - müharibə illərinin sayına görə, hər iki tərəfdə qurulmuş Xatirə və Əbədilik divarlarının üzərində Böyük Vətən müharibəsi dövründə həlak olan bütün kaxetiyalıların adları həkk olunub. Mərkəzi hissədə Əbədi Məşəl şölə saçır”.
Barelyefin aşağısında isə rayonun bütün kəndlərinin müharibədən qayıtmayan sakinlərinin adları yazılıb. Ölənlərin siyahısının əksəriyyətinin soyadı Maxaraşvilidir.