Bakı Slavyan Universitetində (BSU) “Yurdumuza bahar gəlir” adlı Novruz bayramı şənliyi keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
Bayram şənliyindən öncə Novruz bayramına həsr olunmuş fakültələrarası “Xonça müsabiqəsi” baş tutub. Həmçinin, Qərbi Avropa dilləri fakültəsinin tələbələrinin Azərbaycan və ingilis dillərində hazırladıqları bayram təqdimatları dinlənilib.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bayram münasibətilə universitetin professor-müəllim heyətini və tələbələrini təbrik edib, onlara yüksək bayram əhvali-ruhiyyəsi arzulayıb. Rektor minilliklərə söykənən qədim tarixə malik Novruz bayramının qorunub saxlanılmasının xalqımızın öz adət-ənənələrə bağlılığının təzahürü olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin bu bayramın dövlət səviyyəsində qorunmasını və inkişafını təmin etdiyini diqqətə çatdırıb. Rektor Novruz bayramının ilk dəfə olaraq məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə rəsmi şəkildə qeyd olunduğunu vurğulayıb.Anar Nağıyev artıq 4 ildir ki, işğaldan azad olunmuş ərazilərimizdə də saflığın rəmzi olan Novruz bayramının təntənəsinin yaşandığını diqqətə çatdırıb. O, bu zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan ordusuna, qazi və şəhidlərimizə ömür boyu minnətdar olacağımızı bildirib.
Tədbir tələbələrin və BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdlərinin hazırladıqları bədii-musiqili hissə ilə davam edib.