Logo

Rabatda Novruz bayramı münasibətilə iftar formatında ziyafət verilib - FOTO

22.03.2024 17:33 146 baxış
IMG

Mərakeşin paytaxtı Rabat şəhərində Azərbaycan, Türkiyə və Qazaxıstanın Mərakeşdəki səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ziyafət keçirilib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən "Tehsil.biz"ə bildirilib ki, Ramazan ayına təsadüf edən ziyafət ilk dəfə olaraq Rabatda yerləşən üç ölkənin səfirliyi tərəfindən iftar süfrəsi formatında təşkil edilib. Mərakeşin dövlət rəsmiləri, bu ölkədə akkreditə olunan səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, biznes dairələri, media və ictimaiyyət nümayəndələri daxil olmaqla, tədbirə ümumilikdə 150-yə yaxın qonaq qatılıb.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov “yeni gün” anlamını verən və baharın gəlişini təcəssüm etdirən bu bayramın xalqımızın həyatında əsrlər boyu mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bayramın yalnız Azərbaycanda deyil, daha böyük coğrafiyada geniş qeyd edildiyini bildirən səfir 2010-cu ildə BMT Baş Assambleyasının qərarı ilə 21 mart tarixinin Beynəlxalq Novruz Günü elan edildiyini xatırladıb. Bundan bir qədər əvvəl - 2009-cu ildə isə Novruzun çoxsaylı xalqlar tərəfindən qeyd edilən mədəni ənənə kimi UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi vurğulanıb. Novruzun, həmçinin mədəni müxtəlifliyi nümayiş etdirmək, sosial-humanitar əlaqələri gücləndirmək, bütün dünyada sülh və harmoniyanı təşviq etmək üçün vasitə olduğuna diqqət çəkilib.

Sonra çıxış etmiş Türkiyənin səfiri Mustafa İlker Kılıç və Qazaxıstan səfiri xanım Saulekul Sailakızı Novruzun ölkələrində qeyd olunması ilə bağlı ənənələrə toxunub, bu bayramın özünəməxsus cəhətlərindən söz açıb, onun ən önəmli xüsusiyyətlərindən biri kimi xalqlar arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini bildiriblər.

Tədbirdə qonaqlara üç ölkənin milli mətbəx nümunələri, Novruz şirniyyatları təqdim edilib, habelə milli musiqi səsləndirilib və ölkələrin turizm potensialını əks etdirən videoçarxlar nümayiş olunub.

Xəbər lenti