Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində fakültənin məzunu, Vətən müharibəsi şəhidi, leytenant Namiq Cavadovun ailəsini ziyarət edib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, dekan müavini Qoşqar Məmmədov, dosent Şəkər Məmmədova və fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sadiq Novruzov şəhid Namiq Cavadovun ailə üzvləri ilə görüşüb, bayram sovqatını təqdim ediblər.
Fakültə əməkdaşları şəhid Namiq Cavadovun Vətən torpağı uğrunda düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldığını vurğulayıblar. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Namiqin xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağını, onun ömür yolunun gələcək nəsillər üçün örnək olacağını qeyd ediblər.
Namiq Cavadov 1973-cü ilin noyabrın 7-də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1993-1997-cu illərdə BDU-nun Coğrafiya fakültəsində təhsil alıb. 2020-ci il oktyabrın 25-də Laçının Güləbird qəsəbəsində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.