Sumqayıt Dövlət Universitetində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Peşəkar Spikerlər Seriyası layihəsi çərçivəsində GLENSOL (Nobel Energy) şirkətinin Əməliyyatlar və texniki xidmət meneceri Rza Ağaverdiyevin tələbələrlə görüşü təşkil edilib.
SDU-dan "Tehsil.biz"ə bildirilib ki, Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək tələbələrin sənaye təcrübəsi ilə bağlı anlayışlarının təkmilləşdirilməsi məqsədilə keçirilən seminarın əhəmiyyətindən bəhs edib. Sənaye-universitet əməkdaşlığı, o cümlədən mütəxəssislər ilə tələbələr arasında keçirilən bu tip tədbirlərin təşkilinin tələbələrin mühəndislik istiqamətində inkişafı üçün xüsusilə, neft-qaz ixtisasları üzrə təhsil alan tələbələrin gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi baxımından faydalı olduğunu bildirib.
Görüşdə təhsil və sənaye sahələri üzrə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkişafına nail olmaq barədə müzakirələr aparılıb.
Qonaq spiker Rza Ağaverdiyev təmsil etdiyi şirkətin fəaliyyəti, strategiyası və iş prinsipi haqqında məlumat verib. "Neft və qaz sənayəsində istismar olunan avadanlıqların və müasir texnologiyaların istehsalatda rolu”, eləcə də “Neft və qaz sənayəsində ixtisaslaşmış kadrlara qoyulan müasir tələblər” mövzusunda geniş təqdimatla çıxış etdi və sonda tələbələrin sualları ətraflı cavablandırılıb.