Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi tərəfindən icra olunan “Strengthening Relations between Youth Workers of Azerbaijan and Georgia” layihəsi çərçivəsində gənclər təşkilatlarının işçilərinin Gürcüstanın Tbilisi şəhərinə təcrübə səfəri təşkil olunub.
Tehsil.biz xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan gənclər təşkilatlarının işçilərinin beynəlxalq təmsilçilik imkanlarını artırmaq, Azərbaycan gənclər siyasətini beynəlxalq müstəvidə tanıtmaq və iki ölkənin gənclər təşkilatları arasında təcrübə mübadiləsini təşviq etməkdir.
Proqramın ilkin mərhələsində 5 günlük təlim mərhələsində iştirak edən 25 iştirakçıdan seçim imtahanını müvəffəqiyyətlə başa vuran 5 gənc layihə çərçivəsində Gürcüstana 3 günlük təcrübə səfərində iştirak etmək imkanı qazanıb.
Səfər çərçivəsində iştirakçılar Gürcüstanda Tbilisi Şəhər Şurası, Milli Gənclər Agentliyi, Milli “Erasmus+” ofisi, Tbilisi Dövlət Universitetinin Tələbə Birliyi, Gürcüstan Tələbə Təşkilatları Assosiasiyası, ESN Georgia, ELSA Georgia, Droni Gənclər Təşkilatı kimi qeyri-hökumət təşkilatları ilə görüşlər keçirib, qarşılıqlı müzakirələr aparıb və öz fəaliyyətləri haqqında təqdimatlar ediblər. Həmçinin təcrübə səfərində azərbaycanlı gənclər Azərbaycanda gənclər üçün imkanlar və gənclər təşkilatlarının ən yaxşı təcrübələrini Gürcüstandan olan həmkarları ilə bölüşüblər.
Təlim səfərinin son günündə Gürcüstanın gənclər sektorunun nümayəndələri üçün layihə iştirakçıları tərəfindən Azərbaycanda gənclər üçün imkanlar və gənclər təşkilatlarının fəaliyyətləri mövzusunda təqdimat edilib. Təqdimat zamanı Azərbaycanın milli gənclər strategiyası, gənclər siyasətinin formalaşmasında gənclərin rolu, gənclər təşkilatlarının cəmiyyətə müsbət təsiri və gənclər üçün imkanlar haqqında iştirakçılara məlumat verilib.