Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) təşkilatçılığı ilə "Mənim uğurum - sənin motivasiyan" adlı gənclər üçün inkişaf təlimi keçirilib. Pirallahı rayonu 231 nömrəli tam orta məktəbdə keçirilmiş təlimdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin əməkdaşı, dünyanın ən böyük texnologiya müsabiqəsi olan “TEKNOFEST”in mükafatçısı adına layiq görülmüş Sara Rəhimzadə çıxış edib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, 231 nömrəli məktəbin direktoru Lamiyə Quliyeva, Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Arzu Abdullayev və məktəbin şagirdləri iştirak ediblər.
Təlimçi qismində çıxış edən Sara Rəhimzadə uğur hekayəsini bölüşüb, hər zaman öz üzərində işləməyin, müasir dövrdə tələb olunan bilik və bacarıqlara yiyələnməyin vacibliyindən danışıb. O, BDU və Fizika fakültəsi haqqında ətraflı məlumat verib.
Daha sonra şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıb və iştirakçıların suallarını cavablandırıb.
Təlimin sonunda iştirakçılara BŞGİİ-nin hədiyyələri təqdim edilib.