Logo

Taleh Mirzəyev: "Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir"

26.03.2024 21:24 639 baxış
IMG

"Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib".

Bu fikirləri "Tehsil.biz"ə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru Taleh Mirzəyev bildirib.

Onun sözlərinə görə, 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb, həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb:

"Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir".

T.Mirzəyev qeyd edib ki, cari ilin 16 mart tarixində Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata verdiyi bəyanatında bildirmişdir ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”. Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir".

Redaktor bildirib ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır:

"Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdəndir. TANAP, TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanmaqdadır. Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar".

"Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Bütövlükdə, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir", - deyə Taleh Mirzəyev əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti