Logo

BDU-da Elm Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

27.03.2024 15:33 273 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 27 Mart – Elm Gününə həsr olunmuş tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, fakültə dekanı Fuad Kərimli Elm Günü münasibətilə fakültə əməkdaşlarını təbrik edib, bunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elmə verilən böyük dəyərin təzahürü olduğunu bildirib. Dekan daha sonra Kimya fakültəsində son bir ildə elmi tədqiqat sahəsində əldə olunmuş uğurlar haqqında məlumat verib. O, kimyaçıların Azərbaycan elmində xüsusi çəkisinin olduğunu qeyd edib. Bildirib ki, ötən il fakültə əməkdaşları tərəfindən 175 elmi məqalə çap olunub. Onlardan 101-i indekslənmiş jurnallardadır. Fakültənin təşkilatçılığı ilə respublika miqyasında 2 elmi konfrans keçirilib. Fakültənin 7 mühüm elmi nəticəsi AMEA-nın əldə olunmuş mühüm nəticələrinə daxil edilib. Fakültənin əməkdaşı Ələkbər Hüseynzadə “İlin gənc alimi” adına layiq görülüb. Gənclərin elmə marağının artırılması məqsədilə Kimya fakültəsində tələbələr arasında respublika olimpiadası keçirilib. Fakültə tələbələri beynəlxalq olimpiadada I, II və III yerlərə layiq görülüblər.

Fuad Kərimli bu ilin noyabr ayında ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini xatırladıb, Kimya fakültəsində də bu sahədə elmi işlərə üstünlük verildiyini bildirib.

Tədbirdə Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov “Azərbaycanın təbii ehtiyatları gələcəyin yaşıl enerjisi kimi” mövzusunda çıxış edib. Çıxışda hazırda dünyada istifadə edilən enerji mənbələri, planetin üzləşdiyi ekoloji problemlər, bu problemlərin həllində Azərbaycanın atdığı addımlar, yaşıl enerjinin payının artırılması istiqamətində dövlətin apardığı siyasət, Neft kimyası və kimya texnologiyası kafedrasında görülən işlər haqqında məlumat verilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti