Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasında “Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi” mövzusunda elmi seminar keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, seminar görkəmli türkoloq alim, BDU-nun Türkologiya kafedrasının professoru Ramiz Əskərin 70 illiyinə həsr edilib.
Seminarda Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov tanınmış ziyalının həyatı və fəaliyyəti haqqında geniş məlumat verib, alimin türkoloji dilçilik sahəsindəki araşdırmalarının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Ramiz Əskərin ədəbi-publisistik və tərcümə yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, o, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Ramiz Əskər, həmçinin müxtəlif türk dövlətlərinin yüksək mükafatlarına layiq görülüb.
Türkologiya kafedrasının professoru Elbrus Əzizov türkoloq alimin yaradıcılığında ümumtürk abidələrinin, xüsusilə Mahmud Kaşğarinin “Divanü-lüğat-it türk” və Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərlərinin tədqiqi və tərcüməsindən, türkologiyaya dair müxtəlif ədəbi və elmi mənbələrin dilimizə çevrilərək azərbaycanlı oxuculara təqdim olunmasında müstəsna xidmətlərindən söz açıb. Qeyd edib ki, alimin illər öncə nəşrə hazırladığı Mahmud Kaşğarinin IV cildlik “Divanü-lüğat-it türk” əsəri bu gün ölkəmizdə bütün türkoloqların stolüstü kitabıdır.
Sonra Türkoloji araşdırmalar elmi tədqiqat laboratoriyasının elmi işçiləri – Pərvin Eyvazov “Ramiz Əskər Bəkir Çobanzadə irsinin tədqiqatçısı kimi” və Ramil Bayramov “Ramiz Əskərin tərcümə yaradıcılığı” mövzusunda məruzə ilə çıxış ediblər.
Elmi seminarda Türkologiya kafedrasının dosentləri – Afaq Məmmədova, Firəngiz Kərimli, Gülgün Əliyeva, Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və Tələbə Elmi Cəmiyyətinin üzvləri türkoloq alimin zəngin yaradıcılığından, eləcə də müəllim kimi keyfiyyətlərindən, türk dövlətləri ilə elmi-mədəni əlaqələrin inkişafındakı xidmətlərindən danışıblar.
Sonda Ramiz Əskər onun fəaliyyətinə verilən yüksək dəyərə görə təşəkkür edib, ona göstərilən etimadı bundan sonra da doğruldacağını bildirib.