Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
Soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edildikdən sonra mart hadisələri ilə bağlı videoçarx nümayiş olunub.
BMU əməkdaşları və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən rektor Yaqub Piriyev “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımı aktlarının tarixinə diqqət çəkib. Bu cinayətlər içərisində 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlı dəstələri tərəfindən gerçəkləşdirilmiş kütləvi qırğınları xüsusi vurğulayan rektor azərbaycanlı əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklər nəticəsində on minlərlə günahsız insanın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə kəndin yandırıldığını, tarixi abidələrin məhv edildiyini, sakinlərin doğma yurd-yuvalarından didərgin salındığını virğulayıb. Eyni zamanda bu barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun, tarixi faktlar əsasında çatdırılması istiqamətində aparılan işləri nəzərə çatdırıb. Bu sahədə məqsədyönlü fəaliyyətin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən rektor Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla xalqımıza qarşı törədilmiş dəhşətli hadisələrə adekvat siyasi qiymətin verildiyini, həmçinin 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini xatırladıb. Rektor Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində soyqırım həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyasının artdığını, xüsusi tədbirlər planının icra olunduğunu bildirib.
Rektor ermənilərin çoxəsrlik məkrli planlarına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı ilə son qoyulduğunu, bu gün hər bir azərbaycanlının qalib xalqa çevrilməyimizin qürurunu yaşadığını dilə gətirib. Erməni cinayətkarlarının törətdiyi qəddarlıqların yaddaşlardan heç vaxt silinməyəcəyini deyən Yaqub Piriyev gənc nəslin bu barədə maarifləndirilməsi üçün universitetdə tarixçilərlə görüşlərin, master-klassların təşkilinin əhəmiyyətini vurğulayıb.
Sonra BMU-nun Ümumi fənlər kafedrasının professoru, tarixçi alim Şikar Qasımov geniş məruzə ilə çıxış edib. Professor çıxışında tarix boyu təcavüzkar siyasət yürüdən, terror aktları törədən ermənilərin himayədarlarının dəstəyi ilə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, İrəvan, Zəngəzur, Naxçıvan, Lənkəran, Şirvan və digər ərazilərimizdə törətdiyi cinayətləri, məscidlərin, mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsi ilə bağlı mühüm faktları vurğulayıb. Alim çirkin erməni siyasətinin həyata keçirilməsi üçün tarixin məqsədli şəkildə saxtalaşdırılması, xalqımızın doğma torpaqlarından deportasiyası, soyqırım aktlarına dünyanın ikili standartlar əsasında münasibəti və digər gizlədilməyə çalışılan tarixi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.