Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində “Startapın uğurunda inkubatorların rolu” mövzusunda növbəti elmi-metodiki seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib.
Fakültənin dekanı Nəsimi Kamalov ənənəvi seminarların təşkilinin və həsr olunduğu mövzuların əhəmiyyətinə, aktuallığına diqqət çəkib.
Sonra fakültənin Biznesin idarə edilməsi bölməsinin müəllimi Tahirə Salayeva mövzu üzrə məruzə ilə çıxış edib.
Məruzədə startap anlayışı, startapların uğur trayektoriyalarının formalaşmasında biznes inkubatorlarının önəmi, innovasiyaların və sahibkarlığın inkişafının dəstəklənməsi məsələlərinə toxunulub. Eyni zamanda, startaplar üzrə strategiyanın formalaşdırılması, startap ideyalarının və biznes modelin inkişafı üçün lazım olan resurslar, mentorluq fəaliyyəti, bazar strategiyasının analizi, güclü startap ekosisteminin inkişaf etdiyi ABŞ kontekstində startap nümunələri haqda məlumat verilib.
Azərbaycanda startap təcrübəsindən də danışan natiq məruzəsində ölkəmizdə biznes inkubatorları, startap qurucuları arasında cins bölgüsü, startap ekosisteminin inkişafına dövlətin dəstəyi və s. məsələləri nəzərə çatdırıb.
Seminar məruzə ilə bağlı müzakirələrlə yekunlaşıb.