Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda II respublika elmi konfransı keçirilib.
BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, əvvəlcə ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov erməni millətçiləri tərəfindən son 200 ildə, eləcə də 1918-ci il martın 31-də xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. Mart soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, bütövlükdə Cənubi Qafqazda 50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlı əhaliyə qarşı törədilmiş bu dəhşətli faciənin ildönümü günləri 1919 və 1920-ci ilin mart ayının 31-də qeyd edilib. Sovet işğalından sonra yeni rejim onu unutdurmağa və xalqın hafizəsindən silməyə çalışsa da, buna nail ola bilməyib. Mart hadisələrinə həqiqi siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.
İbrahim Zeynalov qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri ilə erməni faşizmini darmadağın edib. Soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsində bilavasitə iştirak edən erməni cəlladlarına layiqli cavab verilib və qisasımız döyüş meydanında qəhrəmancasına alınıb.
Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov “Mart soyqırımı: erməni iddiaları, faşist düşüncə və ədalətli baxış”, BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov “Türk – müsəlman xalqlarına qarşı soyqırımların və “böyük Ermənistan” xülyasının iflasa uğraması” adlı məruzələrində 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinin ordusu və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının tarixi kökləri, səbəbləri, dəhşətli faktları və nəticələri haqqında iştirakçılara geniş məlumat veriblər.
Konfransda AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri professor Qasım Hacıyev “Cənubi Qafqazda XX əsrin əvvəllərində erməni separatizmi: səbəb və nəticələri”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Tahirə Həsənzadə “Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğu”, Quba Soyqırımı Memorial Kompleksinin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova “Ermənilərin Zəngəzur qəzasında törətdikləri soyqırımları” mövzusunda məruzələr ediblər.
Konfrans plenar və bölmə iclasları ilə davam edib.