Logo

ADPU-nun Şəki filialında konfrans: "Qisas qiyamətə qalmadı" - FOTO

29.03.2024 20:04 128 baxış
IMG

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 1918-ci ilin 31 Mart soyqırımının 106-cı ildönümünə həsr olunmuş “31 Mart soyqırımı: qisas qiyamətə qalmadı” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1918-ci ilin bu qanlı hadisələri haqqında videoçarx nümayiş etdirilib.

Tədbiri açan filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev qeyd edib ki, 106 il əvvəl martın 31-dən aprelin 3-dək daşnak-bolşevik silahlı dəstələri Azərbaycanın bir sıra ərazilərində - Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və İrəvan quberniyasında və digər bölgələrdə misli görünməmiş soyqırımları törədib, 200 mindən çox soydaşımızı qətlə yetirib, kənd və şəhərlərimizi yandırıb, tarixi abidələrimizi dağıdıblar. Erməni daşnakları təkcə Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv ediblər.

Diqqətə çatdırılıb ki, sovet dövründə bu dəhşətli faciə xalqdan gizlədilib, bu barədə danışmaq, yazmaq yasaq edilib. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Konfransda filialın Humanitar fənlər kafedrasının müdiri Vüsal Baxışov “Erməni vəhşilikləri tarixi mənbələrdə”, həmin kafedranın baş müəllimi Tahir Məhərrəmov “31 Mart soyqırımı XX əsrin əvvəllərində erməni vəhşiliyinin təzahürü kimi” mövzularında çıxış ediblər.

Qeyd olunub ki, 2020-ci il 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməndən layiqli qisas alıb, tarixi ədalətsizliyi aradan qaldırıb.

Həmçinin ADPU–nun Şəki filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbələrindən Gülnar Hikmətli və Nahidə Salamova pedaqoji internatura keçdikləri R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə pedaqoji kollektivin nümayəndələri ilə birgə 31 Mart soyqırımına həsr olunmuş tədbir təşkil ediblər.

Xəbər lenti