Logo

ADPU-nun Quba və Şamaxı filiallarında 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

30.03.2024 17:35 272 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Şamaxı filialının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik departamenti və Kitab və qiraət klubunun birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tariximizin göz yaşı” mövzusunda tədbir təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Tədbirdən öncə filialın kollektivi Şamaxı rayonunda yerləşən Soyqırımı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoyub, havadarlarının hərtərəfli köməyilə əzəli torpaqlarımızı zəbt etməyi özlərinin məqsədlərinə çeviriblər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımı və deportasiyaya məruz qalıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev bu məsələyə prinsipial yanaşma nümayiş etdirib, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyətini bütünlüklə ifşa edib. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət verilib. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamına əsasən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb və bu kompleksin 2013-cü ildə açılışı olub.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib.

Tədbirdə filialın direktor müavini Şasəddin Mikayılov erməni daşnakları tərəfindən ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasəti haqqında ətraflı məlumat verib, tarixi faktları diqqətə çatdırıb.

Sonda filial tələbələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.

Xəbər lenti