Logo

Məktəblə real həyat arasındakı “uçurum” - FOTO

30.03.2024 21:48 309 baxış
IMG

Məktəblə real həyat arasındakı “uçurum” uzun müddətdir ki, aydın görünür və böyüməkdə davam edir. Məzunların əksəriyyəti bir neçə ildən sonra demək olar ki, bütün məktəb kurikulumunu unudurlar, təlim köhnəlmiş materiallardan istifadə edilməklə aparılır. Hesab edilir ki, dünya sürətlə dəyişilir və 10-15 ildən sonra indiki şagirdlər üçün hansı biliklərin faydalı olacağını dəqiq müəyyən etmək çətindir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Ümumiyyətlə, gələcək haqqında dəqiq proqnoz vermək mümkün deyil və müasir reallıqlara cavab vermək üçün məktəblər dəyişməlidir. Bu baxımdan hamıya maraqlı gəlir: yaxın illərdə orta təhsilin inkişafını hansı tendensiyalar müəyyən edəcək? Dünya ölkələri çoxdan bu istiqamətdə müxtəlif tətbiqlər həyata keçirirlər. Bizim ölkəyə gəlincə, elm və təhsil naziri Emin Əmrullayev çıxış yolunu məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddə görür:

“Yaşlılar 30-40 il əvvəl öyrəndiklərini uşaqlara öyrədirlər, bunu ciddi problem olaraq görürük”, - deyə nazir Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı  bildirib.

 “Yaşlı müəllimlər düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər uşaqların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da, əslində, bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir”, - deyə nazir əlavə edib.

Şübhəsiz, nazirin nəzərdə tutduğu dəyişiklik təlim-tədris proqramlarının məzmununda yenilik, keyfiyyətli, dövrün tələblərinə uyğun təlim proqramlarının hazırlanmasını tələb edir. Keyfiyyətli dəyişiklik isə müəllimlərin tədris prosesində yeri və roluna yeni baxış formalaşdırmadan mümkün deyil. Təbii ki, keyfiyyətli tədris proqramlarının hazırlanması vaxt tələb edir və çox vaxt peşəkar biliklər onun inkişafı üçün proqramlar ortaya çıxmazdan əvvəl köhnəlir. Bəs yeni modelli təhsilə keçid, məzmun dəyişikliyi, müasir dünyanın əmək bazarı ilə uyğunlaşmaq üçün atılmalı addımlar sırasında nələr qaçılmazdır? Kadr dəyişikliyimi? Dərsliklərin məzmunumu? Dövrlə ayaqlaşmayan fənlərin tədris proqramından çıxarılmasımı? 

Məzmun yox, öyrənmə strategiyası dəyişib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə məsələyə beynəlxalq təcrübədən yanaşır:

“Beynəlxalq sistemdə vahid dərslik tələbi yoxdur. Müəllim istədiyi kitabı seçə bilər. Müəllimin sərbəstliyi olmalıdır. Elə mövzular var ki, onu müəllimin özü, elə mövzular da var ki, kitab daha yaxşı izah edə bilir. Bizə tövsiyə olunan kitablar və sillabus verilir, müəllim istifadəsinə özü qərar verir”.

AGMA sədrinin sözlərinə görə, təhsildə məzmun o qədər çox dəyişməyib, amma uşaqların öyrənmə strategiyası dəyişib:

“Ona görə də bizim öyrətmə tərzimiz dəyişib. Əgər əvvəllər kimya dərsində uşaqlar hansısa reaksiyaları əzbərləyirdilərsə, indi buna ehtiyac yoxdur. Hər şey internetdə var və uşaq istədiyi vaxt o məlumatı rahatlıqla tapa bilər. Uşağın onun istifadəsi və faydası haqqında məlumatlı olması daha yaxşıdır”.

R.Əsədzadə hesab edir ki, tədrisin keyfiyyətini artırmaq üçün hər fənnin özünün müəllim assosiasiyası olmalıdır:

“Bizim təşkilat bununla bağlı təklif irəli sürüb. Yəni məzmunun hazırlanmasında və müzakirəsində müəllimlər iştirak etsinlər. Nazirin də demək istədiyi budur. Adətən kitablar Bakıdakı ən yaxşı müəllimlər və ya ekspertlər tərəfindən yazılır. Burada rayondakı uşağın psixologiya və yanaşması nəzərə alınmır. Ona görə də bəzən müəllimlər proqramı tədris etməkdə çətinlik çəkirlər. Amma müəllim assosiasiyaları formalaşsa və təhsilverən həqiqətən də orada akademik müzakirələr aparsa, belə olmaz. 

Sosial, məntiqi, intellektual və emosional inkişaf üçün

AGMA sədri təklif edir ki, məsələn, ədəbiyyat fənninin məzmununda natiqlik və ünsiyyət ön plana çıxarılmalıdır: “Uşaqlar altı il ədəbiyyat keçirlər, amma sonra özlərini təqdim edə bilmirlər. Ədəbiyyat  təkcə mütaliə deyil, bu fənnin keçilməsi ünsiyyətimizdə də özünü göstərməlidir. Bu gün müəllimlər ədəbiyyatı qoyur kənara, bütün imtahan prosesinə daxil olduğu üçün yalnız Azərbaycan dilinə fokuslanırlar. Bu da natiqlik və ünsiyyət prosesinin inkişaf etməməsinə gətirib çıxarır”.

R.Əsədzadənin fikrincə, bu gün uşaqlara statistika və bizneslə bağlı keçilən dərslər onların gözünü açır.  Eyni zamanda, məktəblərdə tədris olunan ingilis dilinin də məzmunu dəyişməlidir: “İngilis dili müəllimlərimizin əksəriyyəti dilin qrammatikasını ingilisdən yaxşı bilir, amma ingilis dilində danışa bilmirlər. Danışa bilməyən müəllim uşağa ingilis dili öyrədə bilməz”.

R.Əsədzadə məzmun dəyişikliyində uşaqların sosial fəaliyyətlərinin düzgün təşkilinin vacibliyini də qeyd edir: “Dərnəklər kiminsə dərs saatı az olduğu üçün açılmamalıdır. Ora peşəkar mütəxəssislər cəlb edilməlidirlər”. 

Yaş qrupları üzrə təlimlər keçirilsin

İnformatika müəllimi Rüxsarə Əlizadə hesab edir ki, yeni məzmunun yaradılmasında yaşlı müəllimlər ustad dərsləri və təlimlər keçməklə iştirak edə bilərlər: “Yaşlı müəllimlərin yeni məzmuna yiyələnmələri üçün onlara ustad dərsləri və treninqlər keçirilməlidir. Yeniliyə açıq müəllimlərimiz çoxdur. Onlar özləri də həmişə öyrənmək istəyirlər. Müəllimlər yaş qrupuna görə - 40-50, 50-60, 60-65 arası kateqoriyalar üzrə təlimlərə cəlb olunsalar, etiraz eləməzlər və bu, işin xeyrinə olar”.

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, nazir yeni modelli təhsilə keçidlə əlaqədar yaşlıların yeniliklərə hazır olmaları üçün gələcəkdə bir qədər də məsuliyyətli olmaları mesajını verib: “Yəni yaşlı müəllimlər öz üzərlərində daha ciddi işləməlidirlər”. 

Xəbər lenti