Alimlər müəyyən ediblər ki, süni intellekt proqramı Chat GPT tibbi hesabatları həkimlərdən təxminən 10 dəfə tez hazırlayır.
Tehsil.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, isveçli və isveçrəli tədqiqatçılar bununla bağlı pilot araşdırma aparıblar.
Araşdırmaya görə, 2 ortoped cərrah tərəfindən hazırlanan xəstəxanadan çıxma kağızları həkimlər və Chat GPT tərəfindən doldurulub. Hesabatlar sahə üzrə 15 ekspertdən ibarət komitəyə təqdim edilib. Mütəxəssislər hesabatlar arasındakı fərqi ayırd edə bilməsələr də, həkimlərin əl ilə hazırladıqları hər hesabat üçün orta hesabla 27,8 dəqiqə, Chat GPT-in isə oxşar keyfiyyətdə hesabat yaratmaq üçün orta hesabla 2,9 dəqiqə vaxt sərf etdiyini müəyyənləşdiriblər.
İsveçrədəki Uppsala Universitet Xəstəxanasında ortoped həkim kimi fəaliyyət göstərən Cyrus Broden, Chat GPT tərəfindən hazırlanan qeydlərin keyfiyyət baxımından, ümumiyyətlə, insan əli ilə hazırlanan notlara bənzədiyini, lakin süni intellektin insanlardan təxminən 10 qat daha sürətli olduğunu ifadə edib. O, artıq 1000 real xəstənin tibbi qeydlərini ehtiva edən daha əhatəli süni intellekt testi üzərində işə başladıqlarını bildirib. Həkimlərin həddindən artıq sənəd yükü olduğuna diqqət çəkən mütəxəssis vurğulayıb ki, süni intellektdəki irəliləyişlər sayəsində səhiyyə işçilərinin inzibati yükünü azaltma imkanları var. Bu sayədə həkimlər xəstələri ilə daha çox vaxt keçirə biləcəklər.
Araşdırma məqaləsi “Acta Orthopaedica” jurnalında dərc olunub.