31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi bir qrup müəllim və tələbələrlə birlikdə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin nümayəndə heyəti kompleksin ərazisində soyqırımı qurbanlarının xatirə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Soyqırımı muzeyi ilə tanışlıq zamanı ziyarətçilərə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, 31 Mart soyqırımı xalqımızın taleyində qanlı yaddaş səhifələrindən biridir. “Bu gün BDU-nin müəllim-tələbə heyəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdik. Ali təhsil müəssisələri kadr hazırlığı ilə məşğul olarkən, onların biliklərlə zənginləşdirilməsi ilə yanaşı, eyni zamanda da tariximizin tanıdılması, gələcək nəsillərə ötürülməsi işini görür. Bu gün Qubada soyqırımı qurbanlarının xatirəsini andıq, eyni zamanda, bir çox tarixi faktlarla tanış olduq. Gənc nəsil bu tarixi bilməli, unutmamalı, həmçinin təbliğ etməli və unutdurmamalıdır. Bu gün qalib xalqın nümayəndələri olaraq gənc nəsli də məhz bu ruhda tərbiyələndirməliyik. Qoy, Azərbaycan bundan sonra heç zaman belə qanlı hadisələrlə üz-üzə qalmasın”, - deyə Elçin Babayev söyləyib.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb.