Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal polimer katalizatorları laboratoriyasının aparıcı elmi işçisi dosent Sevda Fətullayeva “Peers Alley Media” tərəfindən təşkil olunmuş 5-ci Ümumdünya Qabaqcıl Kimya Konqresində “Ağır metal ionlarının sorbsiyası üçün enterosorbent kimi xitozan törəməsinin sintezi” mövzusu üzrə virtual formatda məruzə edib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Sevda Fətullayeva institutda bu istiqamətdə apardığı tədqiqat işi barədə, o cümlədən, sintez olunan xitozan əsaslı enterosorbentlər haqqında geniş məlumat verib. Məruzədə bir ay müddətində Neapol şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunda elmi ezamiyyətdə olarkən aparılmış müəyyən analizlərin nəticələri təqdim edilib.
Qeyd edək ki, aparılan tədqiqat işi xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirak, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 11-ci “Mobillik qrantı” müsabiqəsinə layihə kimi təqdim edilib və qaliblərdən biri olduğu üçün Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilib.