Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
İmran Abdullayev 1950-ci il fevralın 16-da Salyan şəhərində anadan olub. 1958-1968-ci illərdə Salyan şəhər 2 saylı orta məktəbdə oxuyub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1978-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda çalışıb. Onun fəaliyyəti 1983-cü ildən BDU ilə bağlı olub. İmran Abdullayev 1983-1992-ci illərdə BDU-nun Hesablama Mərkəzində qrup müdiri, 1992-1994-cü illərdə Universitetin Tətbiqi Riyaziyyat İnstitutunda direktor müavini, 1994-cü ildən Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti, 2022-ci ildən müdiri işləyib.
2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.
İmran Abdullayev hidrometeorologiya, okeanoloji proseslərin riyazi modelləşməsi, Xəzərin ekoloji problemləri üzrə dəyərli alimlərdən idi.
Allah rəhmət eləsin!