Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə akvarelçi-rəssam Pərviz Əliyevin “Memarlıq fotoqrafiyası” adlı seminarı keçirilib.
AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda rəssam memarlıq fotoqrafiyasının ilkin nümunələrindən, bu sahədə iz qoymuş tarixi əsərlərdən və müasir fotoqrafiyadan söhbət açıb. O, eyni zamanda, tarix boyu fotoqrafiyada istifadə olunan effektləri nəzərə çatdırıb. Peşəkar mütəxəssis fotoqrafiya zamanı edilən səhvlərdən danışıb, onun düzgün yerinə yetirilmə mərhələlərindən bəhs edib.
Pərviz Əliyev diqqətə çatdırıb ki, memarlıq fotoqrafiyası xüsusi janrdır; buraya binaların, tikililərin, körpülərin, heykəllərin və memarlıq ansambllarının xarici görünüşünün gözəl şəkillərinin əldə olunması məsələləri daxildir. Memarlıq fotoqrafiyasının keyfiyyətli şəkilləri sənədli hesabatların və reklam kitabçalarının yaradılması üçün tez-tez istifadə edilir. Memarlıq tikililərinin və binaların gözəlliyini əks etdirmək üçün fotoqraflar rakurs, işıqlandırma və çəkiliş üçün düzgün yerin seçilməsi ilə işləməli olurlar. Ona görə də memarlıq fotoçəkilişi ciddi hazırlıq və təcrübə tələb edir.
Böyük maraqla qarşılanan seminarda tələbələrin suallarına cavab verilib.