Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Helicobacter pylori” bakteriyasının kliniki izolyatlarında bioplyonka yaranmasına və antibiotiklərə davamlılığa gətirən KMİQPT- bənzər ardıcıllıqlar” adlı məqaləsi “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan “Heliyon” jurnalında dərc olunub.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, klasterləşmiş müntəzəm intervallı qısa palindromlu təkrarlara (KMİQPT) bənzər ardıcıllıqların antibiotiklərə davamlılıqda və bioplyonkanın yaranmasında rolu, demək olar ki, aydın deyildi. Bu məqsədlə, BDU-nun tədqiqatçıları tərəfindən “Helicobacter pylori” bakteriyasının kliniki izolyatlarında bioplyonka yaranmasına və antibiotiklərə davamlılığa səbəb ola bilən KMİQPT-yə bənzər ardıcıllıqlar öyrənilib. Belə ki, “Helicobacter pylori” bakteriyasının 36 izolyatı alınıb, KMİQPT-yə bənzər ardıcıllıqlar PZR metodu ilə tədqiq edilib, bu ardıcıllıqların bioplyonkanın əmələ gəlməsi və antibiotiklərə davamlılıqla əlaqəsi öyrənilib. Bu izolyatların mikrotitrləmə metodu ilə amoksisillin, tetrasiklin, metronidazol və klaritromisin antibiotiklərinə qarşı davamlılığı və bioplyonka əmələ gətirməsi analiz edilib. KMİQPT-yə pozitiv olan 23 izolyatdan 19-u və KMİQPT-yə neqativ olan 13 izolyatdan 7-si bioplyonka əmələ gətirib. KMİQPT-yə pozitiv izolyatların 48 faizi amoksisillin, 78 faizi tetrasikllin və metroindazol, 100 faizi klaritromisin antibiotiklərinə qarşı rezistent olub.
Beləliklə, müəyyən edilib ki, KMİQPT-yə bənzər ardıcıllıqlar antibiotiklərə qarşı davamlılıqda rol oynayır və antibiotiklərə davamlılığın genetik markerləri kimi istifadə oluna bilər. Lakin bu bakteriyalarda KMİQPT-yə bənzər ardıcıllıqların olması ilə bioplyonkanın əmələ gəlməsi arasında korrelyasiya müşahidə olunmayıb.