Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, partiya fəalı Əlirza Abdullayev və digərləri ermənilərin ötən əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarında törətdikləri soyqırımlardan, qanlı qırğınlardan, faciələrdən danışıblar.
106 il ötməsinə baxmayaraq tariximizin qan yaddaşına çevrilən mart soyqırımının eyni acı ilə xatırlandığı və heç bir zaman unudulmayacağı, faciə qurbanlarının daim böyük ehtiramla anıldığı qeyd edilib.
Daha sonra YAP Yevlax rayon təşkilatı tərəfindən keçirilmiş “Tarixi yaddaşımızdan silinməyən soyqırımı aktı” adlı yazı müsabiqəsində ilk üç yeri tutan Yəldili kənd tam orta məktəbin direktoru Orxan Baxşəliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının magistrantı Əlirza Abdullayev və Duzdaq qəsəbə ümumi orta məktəbin direktoru Gülnar İsayeva fəxri fərmanla təltif olunub.