Logo

MDU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında birgə fəaliyyət planı imzalanıb - FOTO

01.04.2024 20:40 101 baxış
IMG

Aprelin 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib.

MDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə hər iki qurumun rəhbər və müvafiq əməkdaşları iştirak ediblər.

İnstitutun baş direktoru professor Misir Mərdanov ötən ilin noyabrında Mingəçevirə səfərini xatırladaraq MDU ilə əməkdaşlığın qurulmasından məmnunluğunu dilə gətirib. Rəhbərlik etdiyi İnstitutun mövcud elmi potensialından və buna müvafiq surətdə işbirliyi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin mümkün istiqamətlərindən bəhs edən baş direktor region universiteti olan MDU ilə əməkdaşlıq etməyə və onun potensialının inkişafına töhfə verməyə daim açıq olduqlarını bildirib.

Səmimi qarşılanmaya və göstərilən dəstəyə görə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov universitetdə riyaziyyat sahəsində kadr hazırlığının mövcud vəziyyətindən və ehtiyaclarından bəhs edib. Qarşılıqlı əməkdaşlığın universitetdə elm və ali təhsilin inteqrasiyasına, eləcə də MDU-nun yerləşdiyi regionda ümumtəhsil müəssisələrində Riyaziyyat fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sonra, MDU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında 2023-cü ilin noyabrında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda həyata keçiriləcək konkret tədbirləri özündə əks etdirən Birgə Fəaliyyət Planı imzalanıb.

Fəaliyyət Planında İnstitut əməkdaşlarının MDU-da ustad dərsləri verməsi və magistr dissertasiyalarına rəhbərlik etməsi, MDU əməkdaşlarının İnstitutda keçirilən elmi seminarlarda iştirakı, birgə elmi tədqiqatların aparılması və ortaq elmi məqalələrin dərc olunması, MDU-da Riyaziyyat festivalının təşkili, Mingəçevirdə Riyaziyyat olimpiadasının keçirilməsi və digər tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da kadr hazırlığının və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi məqsədilə qabaqcıl yerli və xarici universitetlərlə, eləcə də elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verilir.

Xəbər lenti