Logo

Bakıda şagirdlər arasında insident yaranıb

02.04.2024 11:41 351 baxış
IMG

Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, hadisə aprelin 1-i baş verib.

"Məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar.

Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və "Məktəblinin dostu"nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır.

Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.

Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik" - məlumatda qeyd edilib.

Xəbər lenti