Logo

MDU ilə TİKA-nın Bakı Proqram Koordinasiya Ofisi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

02.04.2024 14:50 241 baxış
IMG

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisində Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə TİKA-nın Bakı proqram koordinatoru Hayrettin Özçelik təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən və dəstək mexanizmlərindən bəhs edib. Azərbaycanda 2024-cü ildə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”nin TİKA üçün prioritet əhəmiyyət daşıdığını vurğulayan H.Özçelik bu istiqamətdə MDU-dan təklif ediləcək təşəbbüslərə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Səmimi qarşılanmaya və dəstəyə görə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov rəhbərlik etdiyi universitetin strateji məqsədlərini, hədəflərini və real ehtiyaclarını diqqətə çatdırıb. Dayanıqlı inkişaf əsaslı yeni dövrün universitetinə çevrilməyin strateji məqsədlərdən biri olduğunu qeyd edən rektor bununla əlaqədar MDU-da son dövrdə görülən işlər və qardaş Türkiyənin tərəfdaş universitetləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirlərdən danışıb. TİKA ilə işbirliyinin universitetin potensialının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edən Ş.Bayramov əməkdaşlığın mümkün istiqamətləri barədə fikirlərini bölüşüb.

Potensial əməkdaşlığa dair aparılan müzakirələrdən sonra növbəti mərhələdə atılacaq birgə addımlar barədə ilkin razılıq əldə edilib.

Xəbər lenti