Logo

Akademik Vaqif Abbasova GDU-nun fəxri doktoru diplomu təqdim olunub - FOTO

02.04.2024 16:32 99 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) Elm və Təhsil Nazirliyi Neft və Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovla görüş keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, əvvəlcə ali təhsil müəssisəsinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor Yusif Yusibov çıxış edərək akademik Vaqif Abbasovun GDU ilə sıx elmi əlaqələrindən, gənc elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətlərindən, universitet kitabxanasının zənginləşdirilməsində və müxtəlif akademik konfransların keçirilməsində böyük dəstəyindən danışıb. Rektor Elmi şuranın qərarı ilə Azərbaycan kimya elminin inkişafındakı nailiyyətlərinə, elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi roluna, universitetlə səmərəli əməkdaşlığına və əvəzsiz xidmətlərinə görə alimə GDU-nun fəxri doktoru adının verildiyini söyləyib.

Tədbirdə akademikin həyat və fəaliyyəti, tədqiqat istiqamətləri, elmə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, akademik Vaqif Abbasovun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın unikal neftlərinin tədqiqi, nitrobirləşmələrin, metal komplekslərinin, yüksək molekullu aminlərin, amin komplekslərinin və çoxfunksiyalı antistatik aşqarların, inhibitorların, inhibitor-bakterisidlərin, konservasiya mayelərinin və sürtgülərinin yaradılması və onların təsir mexanizminin tədqiqi kimi problemlərin həllinə həsr olunub. Akademik Vaqif Abbasov “Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb və “Şöhrət” ordeni ilə təltif olunub.

Tədbirdə akademik Vaqif Abbasova GDU-nun fəxri doktoru diplomu və mantiya təqdim olunub. Vaqif Abbasov GDU rəhbərliyinə təşəkkür edib və ona bu adın verilməsini yüksək dəyərləndirib, elmi-pedaqoji kadrların hazırlanmasında, universitet kitabxanasının zənginləşdirilməsində və ustad dərslərinin keçirilməsində bundan sonra da dəstək göstərəcəyini bildirib.

Xəbər lenti