Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH” mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təhsildə ekoloji tərbiyə” mövzusunda tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Tədbirin gedişində İBT201S qrupunun tələbələri ekologiyaya dair sərgi, təbiətə həsr olunmuş rəqs və şeirlər təqdim ediblər.
Daha sonra tədbirin qonağı olan ADPU “SABAH” məzunu, Hədəf STEAM liseyinin Abşeron filialının ibtidai sinif, təlim-tərbiyə və tədris işləri üzrə müdir müavini Mətanət Hüseynova təhsildə ekoloji tərbiyənin təşkili və istifadə olunan metodlardan bəhs edib.
Eyni zamanda, dosent Elnurə Səfərova və Mətanət Hüseynova ilə birgə açıq dərs keçirilib. Dərs STEAM modeli ilə inteqrasiya edilib, “mTİNY” robotu ilə tələbələr robotlara düzgün kodlaşdırma tətbiq etmək və öz şəhərciklərini ekoloji qaydaya salmağı öyrəniblər.
Sonda tədbir iştirakçıları, müəllimlər və tələbələrlə birgə ADPU-nun həyətində çiçəklər əkilib.