AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyinatı olub. MEK-in direktoru vəzifəsinə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov təyin edilib.
Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.
Yeni direktoru kollektivə təqdim edən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva Mərkəzi Elmi Kitabxananın çoxillik fəaliyyətindən söz açaraq texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovu uzun illər AMEA Rəyasət Heyəti aparatında çalışan bacarıqlı və işgüzar əməkdaş kimi dəyərləndirib və müəssisənin qarşısında duran vəzifələrdən danışıb. O, MEK-in direktoru vəzifəsindən azad edilmiş filologiya elmləri doktoru Məmməd Əliyevə çoxillik fəaliyyətinə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin adından təşəkkür edib. Vitse-prezident yeniləşən Akademiyada aparılan islahatların əhəmiyyətini qeyd edərək Mərkəzi Elmi Kitabxanada elektron resursların təkmilləşdirilməsi, o cümlədən elektron kitabxananın və kataloqların hazırlanması işinin təşkil edilməsinin vacibliyini xüsusi diqqətə çatdırıb və kollektivə uğurlar arzulayıb.
AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov çıxış edərək yeni təyin olunmuş direktor Hüseyn Hüseynovun elmi və təşkilatçılıq bacarığını diqqətə çatdırmaqla qarşıda duran məsul vəzifələrdən danışıblar.
Öz ərizəsi ilə Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsindən azad edilən fəlsəfə elmləri doktoru Məmməd Əliyev çıxış edərək AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.
Sonda çıxış edən texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov göstərilən yüksək etimada görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib və elektron kitabxananın yaradılması və kitabxananın idarə edilməsi üçün məsuliyyətlə çalışacağını bildirib.
Qeyd edək ki, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2002-ci ildən AMEA-da müxtəlif vəzifələrdə çalışan Hüseyn Hüseynov 2016-cı ildən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsində fəaliyyət göstərib. 2018-ci ildən həmin şöbənin müdir müavini, 2022-ci ildən isə şöbənin müdiri vəzifələrində işləyib.
Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir.
Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.