Logo

Misir telekanalında Azərbaycanda Ramazan bayramının necə keçirilməsindən danışılıb

02.04.2024 23:54 256 baxış
IMG

Misirin "Nile Family" dövlət telekanalında Azərbaycanda Ramazan ayı haqqında veriliş yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, verilişdə “Azərbaycanı kəşf et” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf, İCESCO-nun gənc sülh səfiri Sandiy Salem və Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova iştirak ediblər.

"Xanım" adlı verilişdə on bir ayın sultanı olan ölkəmizin zəngin mədəni iris və milli adət-ənənələri haqqında məlumat verilib, Ramazan ayının Azərbaycanda necə keçirilməsi və Misirdə keçirilən "Azərbaycanı kəşf et" layihəsindən danışılıb. Azərbaycanın on milyondan artıq əhalisi olduğunu deyən Dr. Sədaqət Əliəşrəf bildirib ki, Ramazan ayı azərbaycanlılar üçün çox önəmli və müqəddəs aydır. O, Azərbaycanla Misir arasında çox oxşarlıqların olduğunu qeyd edərək vurğulayıb ki, hər iki ölkənin insanları səmimi, mehribandırlar, hətta mətbəxlərimizdə və dilimizdə də çox bənzərliklər var: “Azərbaycanda ailə dəyərlərinə çox önəm verilir, iftar süfrəsinə qohumlar, tanışlar, qonşular tez-tez dəvət olunur. Azərbaycan xalqı Ramazan ayında daha çox ibadətə, daha çox xeyriyyəçilik və yaxşılıq etməyə üstünlük verir”.

Verilişdə Azərbaycanın Bakı, Şuşa və digər şəhərləri haqqında təqdimat nümayiş olunub. Üzərində olan milli geyimimiz haqqında ətraflı danışan Sandy Salem isə azərbaycanlıların gündəlik həyat tərzindən, insanların sağlam həyat sürməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. İki ölkə arasında tarixi, siyasi və mədəni qarşılıqlı əlaqələrin əsrlərə dayandığı vurğulanaraq qeyd edilib ki, Misirdə məşhur olan nüfuzlu şəxslərdən Şeyx Nəqşibəndi, Səlahəddin Əyyubi və İbn Sinanın kökləri Azərbaycandan gəlir.

Verilişin ikinci hissəsində Səbinə Səmədova və oğlu Adam Havvas qonaq olublar. Adam Havvasın üzərindəki Azərbaycanın kişi milli geyiminin ornamentlərindən, Misir vətəndaşlarının və yerli medianın çox böyük marağına səbəb olan "Azərbaycanı Kəşf Et" layihəsindən danışılıb, qeyd edilib ki, bu il dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma olan COP29 Azərbaycanda keçiriləcək.

Verilişin sonunda Dr. Sədaqət Əliəşrəf Ramazan ayı və Ramazan bayramı münasibətilə azərbaycanlıları, misirliləri və bütün müsəlman dünyasını təbrik edib.

Xəbər lenti