Aprelin 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra AzTU THİK-in universitetdə gördüyü işlər, tələbələrin sosial və akademik həyatında oynadığı əhəmiyyətli roldan danışılıb.
İclasın gündəliyə uyğun olaraq əvvəlcə sədr Mirməhəmməd Ələkbərli THİK-in fəaliyyəti haqqında hesabat verib. THİK-in təftiş komisiyasının hesabatı dinlənildikdən sonra yeni tərkibin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermə formatında keçirilən seçkidə THİK-in yeni tərkibi seçilib.
Gündəliyə uyğun olaraq THİK-in yeni sədrinin seçilməsi ilə bağlı yığıncaq iştirakçılarının təklifləri dinlənilib. Təkliflərə əsasən, THİK-in hazırkı sədri Mirməhəmməd Ələkbərlinin yenidən sədr seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Təklif iclasın sədri tərəfindən səsə qoyulub və yığıncaq iştirakçılarının yekdil səsi ilə növbəti müddətdə AzTU THİK-in sədri Mirməhəmməd Ələkbərli seçilib.
Yığıncaqda AzTU THİK-in təftiş komisiyasının yeni tərkibi də təsdiq edilib.