Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə Həftəsi çərçivəsində “İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar” mövzusunda məlumat sessiyası keçirilib.
Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.
Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev ali təhsil müəssisələrinin Prezident İlham Əliyevin təsdiq etdiyi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələrək fəaliyyət göstərmələrinin vacibliyindən danışıb. BSU-nun bir ali təhsil müəssisəsi kimi autizm və inklüziv təhsilə baxışından söz açan Anar Nağıyev universitetdə ənənəvi olaraq Autizm aylığı və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II beynəlxalq elmi-praktik konfrans çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanıldığını vurğulayıb. Rektor tədbirin keçirilməsində məqsədin inklüziv cəmiyyətdə yeni imkanlardan bəhs etmək olduğunu deyərək fərq yaratmağı bacaran istedadlı tələbə və şagirdlərə öz minnətdarlığını bildirib.
BSU-nun Filologiya fakültəsinin 2022-ci il məzunu, Xəzər TV-nin suflyor operatoru, fiziki məhdudiyyətli şəxs Kəmalə Babayeva sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası haqqında təqdimatla çıxış edib. “Bakı Slavyan Universitetinə qəbulum mənim uğurlarımın başlanğıcı oldu”, - deyə qeyd edən Kəmalə öz şəxsi təcrübələri əsasında inklüziv cəmiyyətlə bağlı fikirlərini bölüşüb.
Quba şəhəri M.Niftəliyev adına Texniki təmayüllü liseyin X sinif şagirdi Zamiq Şükürovun görmə əngəlli insanlar üçün hazırlanmış ixtirasının təqdimatı olub. Məktəbli “The Right Way”adlı ixtirasının hazırlanma mərhələsi, onun iş prinsipi, üstünlükləri barədə danışıb.
Bakı Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Yaxşıxanım Hüseynova Səxavət Məmmədov adına tam orta məktəbin X sinif şagirdi Hüseyn Hüseynovla birgə fiziki məhdudiyyətli şəxslər və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün hazırladıqları “Yardım maşını” layihələrini təqdim ediblər.
Sonra BSU-nun tədris işləri üzrə prorektoru Ənvər Abbasov, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərova, “Kapital Bank”ın nümayəndəsi Nihad Salmanlı mövzu ətrafında çıxış ediblər. Çıxışlarda innovasiyanın təhsilin əsas göstəricisi olduğu bildirilib, təqdimatlarla çıxış edən gənclərin təşəbbüslərinin daim dəstəklənəcəyi vurğulanıb.
Sonda tədbirdə çıxış edən gənclərə Autizm aylığı çərçivəsində inklüziv cəmiyyətin qurulmasında innovativ ideyaların təşkili və səmərəli fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub.
Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Şahin Pənahov və Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, eləcə də bir neçə ali təhsil müəssisəsinin müəllimləri iştirak ediblər.