Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) kitab müzakirələri layihəsi çərçivəsində növbəti tədbir Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasının dəstəyi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə baş tutub.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, tədbir professor Məhəbbət Paşayevanın 2021-ci ildə çapdan çıxmış və 2023-cü ildə ingilis dilinə çevrilmiş “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabına həsr edilib.
Tədbirdə çıxış edən Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov, Departamentin rəhbəri dosent Gülnarə Rzayeva bu kitabın əhəmiyyətindən danışıblar.
Məhəbbət Paşayeva “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı haqqında geniş məlumat verib, monoqrafiyanın yazılma məqsədi haqqında danışıb.
Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva belə bir fundamental monoqrafiyanın ərsəyə gəlməsinin, qısa zamanda ingilis dilinə çevrilib nəşr edilməsinin müasir dövrün, xüsusilə tarixi Zəfərdən sonrakı informasiya müharibəsində aparılan mübarizəyə zəruri töhfə olduğunu bildirib.
UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova çıxışında Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın bu kitabının aktuallığından və bir il əvvəl UNEC-də rektor professor Ədalət Muradovun dəstəyi və Mərkəzin təşkilatçılığı ilə kitabın yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsindən danışıb.
Tədbirin sonunda iştirakçılara professor Məhəbbət Paşayevanın yeni kitablarının sərgisi təqdim edilərək, müəllifin UNEC-in kitabxana fondunda olmayan kitabları hədiyyə edilib.