Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə üzvlərinə “Azərbaycan iqtisadiyyatı ilə dünya iqtisadiyyatının qarşılıqlı əlaqəsi” mövzusunda seminar keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, fakültənin dosenti Novruzə Adilova tərəfindən keçirilən seminarda Azərbaycanın iqtisadi təhlükəsizliyinin əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradıldığı vurğulanıb. Qeyd edilib ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş, beynəlxalq nəqliyyat mərkəzi olması, böyük iqtisadi layihələrin əsas tərəfdaşı kimi çıxış etməsi, neft-qaz sənayesi ilə yanaşı, digər istiqamətlərdə ixracatı artırması əsas prioritet kimi müəyyən edilib.
Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilib, mühüm iqtisadi proqramlar qəbul olunub. Ən əsası, Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətə çevrilib. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapıb, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Məruzəçi bildirib ki, Qarabağ savaşında qazanılan Qələbə ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyə malik qüdrətli dövlət olduğunu bir daha təsdiq edib. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salıb.
Daha sonra tələbələr Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti ilə ötən illəri müqayisəli təhlil ediblər.
Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.